Möminə Xatun türbəsi

Möminə Xatun türbəsi
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatun türbəsi 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir Memarı Əcəmi Əbubəkr oğlu Naxçıvanidir. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizarvadı Möminə Xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Elin yaddaşında "Atabəy günbəzi" adı ilə qalmışdır. Abidənin baş tağında kufi xətti ilə bu sözlər həkk olunmuşdur. "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar".
Ümumi hündürlüyü 34 molmuş, sonralar 8 m hündürlüyündə xarici örtüyü dağılmışdır. Türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir. Sərdabə hissəsi planda 10 bucaqlıdır. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun arvadı Möminə xatun və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. Sərdabədə dəfn olunanların məzarlarının başdaşıları vaxtilə oğurlanıb aparılmışdır. Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin tərtibata malikdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə doğru bir tağ salınmışdır.Türbə sərdabəsindəki bu quruluş sonralar Qərbdə, qotika memarlığında tətbiq edilmişdir. Türbənin yerüstü hissəsi xaricdən 10 guşəli (bütün tərəfləri kufi kitabələrlə haşiyələnmişdir), daxildən isə dairəvidir. Türbə günbəzinin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon var. Bişmiş kərpicdən tikilmiş Möminə Xatun Türbəsinin bucaqları çıxıntı şəklində, səthləri isə batıq formada həll edilmişdir. Türbənin bucaqlarındakı çıxıntılar kufi xətti ilə işlənmiş kitabələrlə örtülmüşdür. Bu kitabələrin uzunluğu 500 m-ə çatır. Türbə əvvəlki dövrlərə nisbətən mürəkkəb quruluşlu həndəsi ornamentlərlə kompozisiyaya daxil edilmiş firuzəyi kaşılarla daha da zənginləşdirilmişdir. Türbənin qərb hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində isə ornamental bəzəklər verilmişdir. Memarın adını və abidənin inşa tarixini göstərən kitabələr baş tağdan yuxarıda həkk edilmişdir. Türbənin sadə quruluşlu daxili səthi gəc ilə suvanmış, günbəzin iç tərəfinə 4 medalyondan ibarət bəzək vurulmuşdur. Kompozisiyaya, yetkinliyə, ayrıntılarının incə, zərif işlənməsinə və memarlıq həllinə görə türbə orta əsrlər memarlıq sənətinin şah əsərlərindən sayılır. Məşhur incəsənət tarixçisi, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü M.V. Alpatov türbə haqqında yazır: "XII əsr Azərbaycan ustalarının Naxçıvanda yaratdığı Möminə xatın türbəsi nadir gözəllik və zəriflik abidəsidir. Möminə xatın türbəsi Şərqin ən gözəl klassik əsərləri-Firdovsinin "Şahnamə"si və Nizaminin "Leyli və Məcnun"u kimi əbədidir". Alpatovun fikrincə, o dövrün Orta Avropa memarlığında da belə gözəl abidəyə rast gəlmək olmur. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir.
19-cu əsrə aid rəsm əsərlərindən və fotoşəkillərdən görünür ki, Möminə Xatun türbəsinin yanında monumental tikililər, o cümlədən, Came məscidi olmuşdur.