“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu

Qoruğun adı: "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu

 

Qoruğun ünvanı: AZ3525, Qazax rayonu, Daşsalahlı kəndi,

 

Qoruğun yaradılma tarixi1989-cu il 22 fevral tarixində Azərbaycan Nazirlər Sovetinin 99 nömrəli Qərarı ilə Qoruq elan edilmişdir

 

Qoruğun ümumi sahəsi: 3613 hektar

 

Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

 

Qoruğun iş saatları: 09:00 – 18:00 (qeyri-mövsümdə); 09:00 – 20:00 (mövsümdə)

 

Qoruğun veb səhifəsi: www.avey-qoruq.az

Facebook səhifəsi: https://www.facebook.com/Avey-...

İnstaqram səhifəsi: https://www.instagram.com/avey...

 

Qoruğa dair tarixi məlumatlar: Qoruq zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan "Avey” məbədinin adı ilə adlandırılıb. Qoruğun ərazisində 56 tarixi abidə qeydiyyata alınıb ki, bunlardan 1-i dünya, 31-i ölkə, 24-ü isə yerli əhəmiyyətlidir. Tarixi əhəmiyyətinə görə bu abidələrin 15-i memarlıq, 36-sı arxeoloji, 5-i isə dekorativ-tətbiqi sənət nümunəsidir. "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun nəzdində "Damcılı” (800 ha), "Göyəzən” (30 ha.) və "Yuxarı Əskipara” (3783 ha.) filialları fəaliyyət göstərir. Hal-hazırda Əskipara filialı işğal altındadır.

800 ha. ərazini əhatə edən "Damcılı” filialı Qazax rayonunun Daşsalahlı kəndində yerləşir. Burada dünya əhəmiyyətli qədim Damcılı mağara düşərgəsi və çox sayda mağaralar yerləşir. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloji qazıntılar aparılıb və Avey dağında Daş dövrünə aid 30-a yaxın mağara aşkar edilib, iki minə yaxın alət tapılıb. 2015-ci ilin yayında Yaponiyanın Tokio Universitetinin muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və "Avey” qoruğu arasında memorandum imzalanıb. Sənədə əsasən, yaponiyalı və azərbaycanlı mütəxəssislər bu ərazilərdə arxeoloji tədqiqat işləri aparırlar və hazırda işlər davam etdirilir.

Qoruğun 30 ha. ərazini əhatə edən "Göyəzən” filialı Qazax rayonunun Abbasbəyli kəndində yerləşir. Tarixin müxtəlif mərhələlərində Göyəzən dağının ətəklərində bir çox qalalar, yataq yerləri və s. tikilib. Dağın bir tərəfinə başdan-başa hasar çəkilib. Hasarla dağın arasında bir çox qədim yaşayış evlərinin xarabaları qalıb. Burada Orta əsrlərə aid yeddi bürclü qala divarı və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar olunub. Dağın şimalında başqa bir Alban qalası var. Onun divarları və bürcü isə nisbətən yaxşı vəziyyətdədir.

"Yuxarı Əskipara” filialının 2783 ha. olan ərazisi eyniadlı kəndi əhatə edir. Kənd 8 iyun 1992-ci il tarixdə Ermənistan ordusu tərəfindən işğal edilib və bütün tarixi mədəniyyət abidələri dağıdılaraq yandırılıb. Təkcə Yuxarı Əskipara kəndində V-VII əsrlərə aid Alban məbədi, XII əsrə aid yeraltı su kəməri, XII əsrdə inşa edilən Qüllə, Türbə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Koroğlu qülləsi və qədim hamam qalıqları, XIV əsrdə salınan yeraltı yol, XVI əsrdə inşa edilən Şəhərgah qalası dağıdılıb.

İş saatı: 09:00 – 18:00 (qeyri-mövsümdə); 09:00 – 20:00 (mövsümdə)