Gəmiqaya

Gəmiqaya
Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə dağ, Zəngəzur silsiləsinin suayırıcında zirvə olan Gəmiqayanın hündürlüyü 3725 metrdirSıldırım yamaclı, konusvarı formaya malik olan dağ qədim vulkanik süxurlardan əmələ gəlmişdir. Min illər boyu Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən Gəmiqaya yaylaqlarının ərazisi bir növ müqəddəsləşmiş, hətta burada təbii məbədlər meydana gəlmişdir. Adı Nuh əfsanəsi ilə bağlıdır. Yalçın, şiş qayalı zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Görünür, belə zahiri oxşarlığa əsasən Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağına (3904 m)xalq arasında Gəmiqaya adı verilmişdir. Qədim dünyanın müqəddəs panteonlarından sayılan Gəmiqaya özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirir. Burada e. ə. 4-1-ci minilliklərə aid minə yaxın qayaüstü rəsm - piktoqramlar (qədim yazılar) vardır.