“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu

Qoruğun adı: "Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu

Qoruğun ünvanı: AZ3520, Şabran və Siyəzən rayonları

Qoruğun yaradılma tarixiAzərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2019-cu il tarixli 1498 nömrəli Sərəncamı

Qoruğun ümumi sahəsi: 4442,71 hektar (o cümlədən mühafizə zonası 582,22.ha.)

Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Qoruğun iş saatları: Həftənin beş iş günü, saat 09:00-dan 18:00-a qədər

(Bərpa işləri ilə əlaqədar qoruğun Çıraqqala hissəsinə giriş müvəqqəti məhdudlaşdırılıb)

Qoruğun veb səhifəsi: www.CİRAQQALA.AZ/3/

Facebook.com səhifəsi: https://www.facebook.com/ciraq...

Qoruğa dair tarixi məlumatlar: Şabran (keçmiş Dəvəçi) rayonu ərazisindəki tarixi memarlıq abidələri – müdafiə qalaları, qədim istehkamların qalıqları bu günümüzə qədər gəlib çatıb. Əzəmətli Çıraqqala, Beşbarmaq və yaxud Xızırzində qala-qayası, Gilgilçay səddi, onun üzərindəki Şəhərgah yaşayış məskəni qədim tariximizi özündə yaşadan abidələrdəndir.

Dünya əhəmiyyətli bu nadir abidə – Çıraqqala (ümumi uzunluğu 120 km) divarlarının hündürlüyü bəzi yerlərdə 11 metrə çatan "Uzun divarlar” adlanan Gilgilçay səddi ilə birlikdə IV-V əsrlərdə hündür qaya üzərində inşa edilib.

Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarətdir. Düzbucaqlı formasında olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilib. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı 3-4 metrdir. Qala qapısından bir qədər aralıda su anbarı yerləşir. Saxsı borular onu deməyə əsas verir ki, su bu ovdana yaxınlıqdakı dağ çeşmələrindən gətirilib. Qarşıdan görünən hündürlüyü təxminən 150 metr olan sıldırım qayanın zirvəsindəki daş bürc isə müşahidə və siqnal məqsədilə tikilib. Burada dayanan keşikçilər Beşbarmaq dağından şimala doğru təxminən 100 km dəniz sahili ərazisini nəzarətdə saxlaya biliblər. Qalanın özünəməxsus həbsxanası və 80-200 metr aralı şimala doğru qaya döşündə ərzaq saxlamaq üçün buzxana anbarı mövcuddur.

Sovetlər dövründə baxımsızlıq üzündən qala bir neçə yerindən dağıntıya məruz qalıb. Prezident Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli, 1262 №-li sərəncamına əsasən Çıraqqala, 27 sentyabr 2003-cü il tarixli, 1343 №-li sərəncamı ilə isə Şabran qoruqları yaradılıb. Bundan sonra abidələrdə geniş araşdırma işləri aparılıb.

Qoruğa daxil olan Qədim Şabran şəhərinin təqribən 2500 yaşı var. Arxeoloji qazıntılar zamanı ərazidə şüşə emalatxanaları, V əsrə aid çörəkbişirmə, qızıl, mis və digər metallardan pul kəsilən sexlər, şəhərin 8 bürcü, XV əsrdə çəkilmiş 45 kilometrlik su xətti və s. aşkar edilib. Şabran Albaniya dövləti zamanı massagetlərin siyasi paytaxtı, bir müddət Şirvanşahlar dövlətinin mərkəzi olub. Böyük Azərbaycan şairi Əfzələddin Xaqani (XII) Şirvanşah Axsitanın qəzəbinə tuş gələndə Şabran qalasında həbsə salınıb və məşhur "Həbsiyyə” əsərini də burada qələmə alıb.

Gilgilçay səddi Dərbənd keçidində tikilmiş müdafiə istehkamlarından ən əhəmiyyətlisidir. Sədd 4 hissədən ibarətdir. Hər 30-35 metr məsafədə bürc və ya qüllə ucaldılıb. Səddə ən uca bürcün hündürlüyü 4,7 metr, eni isə 7,2 metrdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə "Çıraqqala Tarixi Qoruğu” və "Şabran şəhəri Tarixi Qoruğu” birləşdirilərək "Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

"Çıraqqala-Şabran” Qoruğu 7 tarixi abidəni özündə birləşdirir. Onlardan 3-ü dünya əhəmiyyətlidir. Dünya əhəmiyyətli abidələrdən ikisi memarlıq (Çıraqqala və Gilgilçay səddi), biri isə arxeoloji (Qədim Şabran şəhəri) abidədir.

Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə dövlət başçısının 2019-cu il 15 yanvar tarixli sərəncamı ilə vəsait ayrılıb. Həmin ilin may ayından abidədə möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

İş saatı: Həftənin beş iş günü, saat 09:00-dan 18:00-a qədər