İşğaldan azad olunmuş rayonlarda Azərbaycanın mədəni irsi bərpa olunur

İşğaldan azad olunmuş rayonlarda Azərbaycanın mədəni irsi bərpa olunur

Məmləkətimizin dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri olduğunu xalqımızın mədəni irsinin zənginliyi də təsdiq edir. Azərbaycanın hər bölgəsində tariximizin nişanələri qalmaqdadır. Həmin abidələr bizə əcdadlarımızın həyat tərzindən, düşüncələrindən soraq verir.
Bir həqiqət də var ki, bu qədim abidələrin bir çoxu yalnız ölkə deyil, dünya əhəmiyyətlidir. Onların tarixini öyrənməklə ilk bəşər övladlarının yaşam tərzi, arzuları barədə məlumat almaq mümkündür. Bu baxımdan, qədim abidələrə həssaslıqla yanaşmaq hər bir insanın mənəvi borcudur. Ancaq Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Qarabağ və Şərqi Zəngəzur ərazilərini otuz ilə yaxın işğal altında saxlayan erməni vandalları tarixə qənim kəsildilər.

 

Yağı düşmənin talan etdiyi qədim abidələr

 

1990-cı illərdə Ermənistan tərəfindən işğal olunanda Qarabağ və Şərqi Zəngəzur ərazilərində 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri vardı. Eyni zamanda işğal olunmuş ərazilərdə 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6  milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi mövcud idi. Qəsbkar Ermənistanın beynəlxalq konvensiyaları, xüsusilə "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" 1954-cü il Haaqa Konvensiyasını və ona dair protokollarını, həmçinin UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" Konvensiyasını heçə saydı. Vandallar Azərbaycanın ölkə və dünya əhəmiyyətli mədəniyyət abidələrini vəhşicəsinə taladılar, məhv etdilər.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlayan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. 44 gün davam edən müharibədə qəhrəman Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı azadlığa çıxardı. Təcavüzkar Ermənistan tərəfindən həmin ərazilərin xarabalığa çevrildiyini təkcə Azərbaycan xalqı yox, bütün dünya gördü. Erməni vandalları işğal illərində Qarabağda və Şərqi Zəngəzurda tarixi əhəmiyyətli abidələri qarət etmiş, talamış, maddi və mənəvi dəyəri böyük olan əşyaları daşıyıb Ermənistana apamışdılar. Bununla da kifayətlənməmişdilər. Qarabağdan və Şərqi Zəngəzurdan əsl sakinlərinin - azərbaycanlıların izlərini silmək üçün həmin abidələri uçurub dağıtmış, yerləyeksan etmiş, xeyli hissəsini yandırmışdılar. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları Ermənistan silahlı qüvvələri tərəfindən hərbi məqsədlər üçün istifadə olundu, qəsdən dağıdıldı. Xocalıda, Ağdamda, Ağdərədə, Füzulidə, Cəbrayılda kurqanlar, eləcə də işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərində qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli irsimizə qarşı ermənilər vandallıq törətdilər.
İşğalçılar beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyinin və başqa mədəniyyət ocaqlarının, rəsm qalereyalarının dəyərli ekspozisiyaları da qarət olundu, talan edildi. Təcavüzkarlar kitabxanaları yandırdılar, misli-bərabəri olmayan əlyazma nümunələrini məhv etdilər. Vəhşi, məkrli ermənilər abidələrimizin bir çoxundan isə müxtəlif məqsədlər, hətta tövlə kimi də istifadə etmişdilər.

 

Mədəni irsə vandal münasibət dünya irsinə qarşı təhlükədir

 

Vətən müharibəsindən sonra Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərində geniş və sürətli tikinti-bərpa, quruculuq işlərinə başladı. Prezident İlham Əliyev xalqı əmin etdi: "Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq".
Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılıb. İşğal nəticəsində böyük ziyan görmüş Qarabağda və Şərqi Zəngəzurda abidələrin, memarlıq irsinin bərpası və qorunması istiqamətində də hazırda çox mühüm, olduqca əhəmiyyətli işlər həyata keçirilir. 
Hələ 2020-ci il oktyabrın 29-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində müvəqqəti xüsusi idarənin təşkili haqqında" fərman imzaladı. Fərmana uyğun olaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarixi obyektlərin və mədəniyyətin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin və mədəniyyət müəssisələrinin monitorinqi aparıldı. Görülən tədbirlər çərçivəsində dövlət qeydiyyatında olan 312 tarix və mədəniyyət abidəsinin monitorinqi zamanı bu ərazilərdə dövlət qeydiyyatına alınmayan, tarixi, memarlıq və arxeoloji dəyərə malik 106 abidə müəyyənləşdirildi. Monitorinq işğal dövründə Ermənistan Respublikasının tarix və mədəniyyət abidələri ilə bağlı qanunsuz əməllər törətdiyi ərazilərin vəziyyətini müəyyən etməyə imkan yaratdı. Müəyyənləşdirildi ki, otuz ilə yaxın Ermənistanın işğalında qalmış ərazilərimizdə məscidlər, mədrəsələr, məbədlər nəinki məhv edilmiş, bir çox hallarda başqa məqsədlər üçün istifadə olunmuşdur. Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın Ağdam şəhərində yerləşən məqbərələri dağıdılmış, abidələrə işğalçı Ermənistan tərəfindən ciddi ziyan dəymişdir. İbrahimxəlil xanın məzarı da (XIX əsr) tamamilə dağıdılmışdır. Əlbəttə ki, bunlar yalnız erməni vandallarının ziyan vurduqları, yer üzündən silməyə çalışdıqları tarixi abidələrimizdən bir qismidir.
Zəngin mədəni irsə vandal münasibət bütün dünya irsi üçün təhlükədir. Qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə ölkə və dünya əhəmiyyətli çox dəyərli tarix-mədəniyyət abidələri var. Xudafərin körpüləri, Şuşa qalası, Azıx mağarası, Gəncəsər, Xudavəng monastrları, Qutlu Musa  türbəsi, Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurun dünya əhəmiyyətli tarix-mədəniyyət abidələridir. Artıq onlardan bəziləri, o cümlədən Üzeyir bəy Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev-muzeyi, Saatlı məscidi  bərpa olunub. Aşağı və Yuxarı Gövhər ağa, Ağdam Cümə məscidlərinin bərpa işləri isə eyni diqqət və həssaslıqla həyata keçirilir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"