Qəbələ Dövlət Tarix-Bədii Qoruğu

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu

Qoruğun adı: Qəbələ Dövlət Tarix-Bədii Qoruğu

Qoruğun ünvanı: AZ3613, Qəbələ rayon, Çuxur Qəbələ kəndi

Qoruğun yaranma tarixi: Azərbaycan SSR Nazirlər Sovetinin 27 mart 1978-ci il 101-5pc nömrəli Qərarı

Qoruğun ümumi sahəsi: 420 hektar

Kartoqrafik təqdimat:

X- Koordiant: 40.532075

Y- Koordiant: 47.423050

Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Qoruğa iş saatları: Həftənin bütün günləri 9:00-dan 18:00-dək

Facebook səhifəsi: 175055816667973/?ti=as

İnstaqram səhifəsi: qebeledtbq?igshid=1x696ckwnchw2

Qoruğa dair tarixi məlumatlar: Qəbələ öz tarixi-mədəni zənginlikləri ilə Azərbaycanın Antik və Orta əsrlər dövrü mədəniyyətində məxsusi yer tutur. Bu bölgənin bir sıra abidələrinin yer aldığı Qəbələ Dövlət Tarix-Bədii Qoruğu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir.

Qədim Qəbələ şəhərinin qalıqları Qəbələ rayon mərkəzindən təxminən 18 km cənub-qərbdə indiki Çuxur Qəbələ və Tövlə kəndləri ərazisində yerləşir. Qəbələ eramızdan əvvəl 4-3-cü əsrlərdə yaranmış Qafqaz Albaniyasının paytaxtı olub. Qəbələ haqqında ilk yazılı məlumat eramızın I əsrinə aid Roma alimi Böyük Plininin "Təbii tarix” əsərində Kabalaka (Cabalaca) kimi qeyd edilib. Eramızın II əsrində yaşamış yunan alimi Klavdi Ptolomey isə Qəbələni Xabala kimi verib.

Antik və Orta əsrlər dövrünə aid Qəbələ şəhəri qalıqları geniş ərazini əhatə etməklə, bunlardan 3 mühüm tarixi-arxeoloji hissə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisinə daxildir.

Bunlardan biri sahəsi 50 hektar olan Antik şəhər yeri (el arasında Çaqqallı, Güllü tala kimi tanınır) Qaraçay və Qoçalan çayları arasında yerləşir. E.ə. IV əsrdən eramızın I əsrinədək olan dövrdə Qəbələnin əsas mərkəzi hesab edilir. Son illər aparılmış tədqiqatlar nəticəsində Antik şəhər yerinin Erkən Dəmir dövrü yaşayış yeri üzərində salındığı məlum olub.

Ərazisi 13 hektar olan Səlbir ərazisi Qaraçay və Covurlu çayın arasında hündür yaylada qərar tutub. Eramızın I əsrindən XII əsrədək olan dövrü əhatə edir. Son illər aparılan arxeoloji tədqiqatlar nəticəsində bəlli olub ki, Səlbirin cənub və cənub-qərb hissələrində eramızın XV əsrinə qədər yaşayış varmış.

Qala ərazisinin sahəsi 12 hektardır. Eramızın I əsrindən XVIII əsrədək olan dövrü əhatə edir. Səlbir və Qala əraziləri bir yayladan ibarət olmaqla, eramızın XI əsrində xəndək vasitəsilə iki hissəyə ayrılıb.

Ümumilikdə qoruq 420 hektar ərazini əhatə edir ki, bura yuxarıda qeyd olunan sahələrdən əlavə Şəhidlər, Kamaltəpə, Xurşidtəpə və digər arxeoloji ərazilər də daxildir. 2005-ci ildən qoruq ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar arxeoloji qazıntılar aparırlar. Tədqiqatlar nəticəsində müxtəlif mədəni təbəqələrə aid tikili qalıqları və istehsalat ocaqları müəyyən edilib. Bundan əlavə, Antik şəhər yerində oval planlı yeni bina qalıqları aşkar edilərək bu tip tikililərin sayı 5-ə çatdırılıb.

2018-2019-cu illərdə Antik və İlk Orta əsrlər Qəbələ arxeoloji ekspedisiyası tərəfindən Səlbir ərazisində, həmçinin qoruq ərazi xaricində Antik dövrə aid qəbir abidələri və yaşayış yerləri tədqiq olunub.

Qoruq ərazisində aparılmış arxeoloji qazıntıların üzəri konservasiya olunub. Məlumat lövhələri və göstərici nişanlar quraşdırılıb. Qoruğun yaxınlığında müasir tələblərə cavab verən Qəbələ Arxeoloji Mərkəzi tikilib istifadəyə verilib.

Arxeoloji mərkəz iki sərgi salonu (muzey), bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və s. ibarətdir.

İş saatı: Həftənin bütün günləri 9:00-dan 18:00-dək